Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə katibinin köməkçisinin müavini, xanım Evelin Farkasla görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən hərbi əlaqələrin və müdafiə sahəsində münasibətlərin dərinləşdirilməsi istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə naziri regiondakı gərgin hərbi-siyasi vəziyyəti qonağın diqqətinə çatdırmaqla yanaşı, ölkələrarası uzunmüddətli əməkdaşlığın inkişafına maneçilik törədən bəzi amillər üzərində dayanıb.
Nazir “907-ci düzəliş”in indiyədək aradan qaldırılmamasını xüsusi vurğulayaraq qeyd edib ki, bu düzəliş nəinki hərbi əməkdaşlıq məsələlərində, eləcə də digər problemlərin həllində öz mənfi rolunu oynayır. S. Əbiyevin fikrincə, vaxtilə ədalətsiz qaydada qəbul edilmiş bu düzəlişin ləğvi gələcək əməkdaşlıq sahəsində əlaqələrin daha da dərinləşməsinə əlverişli zəmin yaradar.
Görüş zamanı Azərbaycan-ABŞ arasında hərbi əməkdaşlığa dair digər mühüm məsələlər barədə də geniş müzakirələr aparılıb.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib.