Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxuyla pul tələb etməkdə təqsirləndirilən şair Saday Şəkərovun (Şəkərli) cinayət işi üzrə məhkəmə prosesi keçirib.
Lent.az-a bu barədə vəkil Bəhruz Bayramov məlumat verib. Vəkil bildiirib ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədbiqi mərhələsinə keçilib: "Keçən prosesdə Azercellə məktub yollanması ilə bağlı vəsatət vermişdik. Həmin qurumdan cavab gəlib. Məktubda qeyd olunub ki, Saday Şəkərlinin Asim Cahangirovla telefon danışığının olması ilə bağlı məlumat yoxdur".
Məhkəmə prosesi mayın 5-də davam edəcək.
Qeyd edək ki, keçən il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.