Baş Prokurorluq vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən şəxsin həbs edilməsi barədə məlumat yayıb. Lent.az prokurorluğa istinadən xəbər verir ki,
Vergilər Nazirliyinin vəzifəli şəxsi barədə kütləvi informasiya vasitələrində ifşaedici məlumatlar yayma hədəsi ilə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində daxil olmuş müraciət araşdırılıb. Araşdırmalar zamanı Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, S.Şəkərov şairdir və Saday Şəkərli imzası ilə 10-dan çox kitabı çap olunub.
**
Tanınmış şair Saday Şəkərli saxlanılıb.
Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, bu barədə jurnalist Zöhrab Əmirxanlı məlumat verib.
O bildirib ki, hazırda S.Şəkərli Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində dindirilir: “Əlim üzümdə qaldı - şair hara, korrupsiya hara? Vallah, mən tanıdığım Sadayı çırpsan, cibindən heç on manat da çıxmaz. Nə eləyəcəyimi bilmirəm...”.
Qeyd edək ki, S.Şəkərli dindiriləndən sonra həbs edilib Kürdəxanıya göndərilməsi ehtimalı var.