Bu gün Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərli birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Lent.az-a bu barədə vəkil Bəhruz Bayramov bildirib.
Vəkilin sözlərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Saday Şəkərlinin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
İclas zamanı prosesin qismən istintaq araşdırması ilə aparılması barədə vəsatətə baxılıb. Prokuror vəsatətin təmin edilməməsini istəyib. Məhkəmə prosesinin ilkin baxış iclası iyulun 8-də davam etdiriləcək.
.
Qeyd edək ki, keçən ilin dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şairin müdafiəçiləri B.Bayramov və Fəxrəddin Mehdiyev apellyasiya şikayəti verib. Şikayətdə S.Şəkərliyə bəraət verilməsi istənilib.
Xatırladaq ki, Saday Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.