Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəkili Abuzər Mütəllimov vəsatətlə çıxış edərək məhkəmə tərkibinə etiraz edib: “Məhkəmə dövründə bütün qərarlarda hakimlər qərəz nümayiş edirir. Müdafiə tərəfi tərəfindən verilən vəsatətlər rədd edilir və yaxud baxılmamış saxlanılır. Biz hesab edirik ki, bizim hüquqlarımız tapdalanır. Biz bir qadını, özü də günahsız bir qadını müdafiə edirik. İndiki dövrdə protokollarla tanış olmaq istəyirik. Bizim bu hüququmuz da tapdalanır. Deyirsiniz ki, məhkəmənin sonunda protokollarla tanış olun. Bu, qanun pozuntusudur və müdafiə tərəfinin hüquqlarının tapdanmasıdır. Buna görə də biz hakimlər kollegiyasının hər birinə etiraz edirik”.
Təqsirləndirilən şəxsdə vəkillərinin vəsatəti ilə razılaşıb. Prokuror və zərərçəkən şəxsin hüquqi nümayəndəsi isə vəsatətin əsassız olduğunu və təmin edilməməsini istəyib.
Hakimlər kollegiyası müşavirə otağına yollanıb. Müşavirədən gələn hakimlər vəsatəti baxılmamış saxlayıb.
Məhkəmədə təqsirləndirilən Xalidə İsgəndərovaya sərbəst ifadə vermək təklif olunsa da, o, ifadə verməkdən imtina edib.
Prokuror Fərid Nağıyev Xalidə İsgəndərovanın istintaq dövründə verdiyi ifadələrinin məhkəmədə elan olunmasını istəyib.
Hakim Əfqan Hacıyev təqsirləndirilən şəxsin sentyabrın 2-də şahid qismində verdiyi ifadəni elan edib.
Xalidə İsgəndərova istintaqa verdiyi ifadədə 1993-cü ildə Füzuli İsgəndorava ilə ailə qurduğunu bildirib: “Füzuli 1991-ci ildən Dövlət Reyster xidmətində çalışırdı. Birgə nikahdan Bülbül və Əmanə adlı iki qız övladları olub. Füzuli 2002-ci ildən sahibkarlıqla məşğul olub. 2014-cü ilin avqust ayının sonunda qızım Bülbülün toy mərasimi keçirilib. Sentyabrın 1-də evdəydik. Füzuli mənə 50 manat pul verdi. Sonra bildirdim ki, avtobusa verməyə xırda pul lazımdır. Dedi, maşından düşüb verərəm. Bir müddətdən sonra Füzuli avtomobilin yanına getdi. Səs-küy gəldi. Bir müddətdən sonra Füzuli “köpəkoğlu” sözünü işlətdi. Aşağı qaçdım. Gördüm ki, Füzuli maşının yanında vurulub. Birtəhər ayaqüstəydi. Böyür tərəfdən bıçaqlanmışdı. Bu zaman Füzuli onu vuran şəxsə arvad-uşaqla işin yoxdur, dedi. Bu zaman 20-25 yaşlarında bir cavan oğlan Füzulini yerə yıxdı. Üzərimə gəlirdi. Qızım Əmanənin arxasına keçdi. Bıçağı boğazına dirədi, dedi, pul ver, yoxsa qızı da atasını kimi öldürəcəyəm. Evdə pul olmadığını bildirdim. Cavan oğlan 3 gün bundan qabaq toy elədiyimizi və bu evə bilərəkdən girdiyini dedi. Qızımın boğazına bıçaq dirəmişdi. Dedim, pul yoxdur, qızıllarımı verim. Evdən sandıqdan 1500 manat dəyərində briliyantımı ona verdim. Birdə Füzulinin verdiyi 50 manatı. Qapıya yaxınlaşdı. Qızım hələ də onun əlindəydi. Tir-tir əsirdim. Dedi, səs-küy salsanız, qızı öldürəcəyəm. Qapını açaraq qızı üstümə itələdi. Dedi ki, təcili yardıma zəng edin, Füzulini elə vurmuşam ki, öləcək. Qızım qaçaraq təcili yardıma zəng elədi, bu zaman baldızım oğlu Orxan maşınla evin yaxınlığında olan Su Tikinti xəstəxanasına apardı. Yalnız mən evdə Füzulinin nəbzinə baxmışdım, öldüyünü bilirdim. Səsimi çıxarmırdım ki, qızım qorxmasın. Həmin cavan oğlan 170-175 sm boyunda idi, danışığından Qazax bölgəsindən olduğunu hiss elədim”.
Hakim bildirib ki, Xalidə İsgəndərova şahid kimi bir neçə dəfə dindirilib. Dindirmələr zamanı onun və qızı Əmanənin ifadələrində ziddiyyətlər olub.
Onun istintaqa verdiyi ifadələrinin bir çoxu məhkəmədə elan edilib.
Məhkəmə prosesi aprelin 14-də davam edəcək.
Xatırladaq ki, bu iş üzrə məhkəmənin hazırlıq iclası keçən il noyabr 3-də keçirilib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili cinayət işində kobud qanun pozuntuları olduğu üçün işin ibtidai istintaqa qaytarılmasını istəmişdi. Məhkəmə vəsatəti təmin etmiş, işi ibtidai istintaqa qaytarmışdı.
Qeyd edək ki, məlum hadisə 2014-cü ilin sentyabrında törədilib. F.İsgəndərov evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi vurulmaqla amansızlıqla qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Onu da qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.