Mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində Ramis Kərimov ifadə verib.
Təqsirləndirilən şəxs qeyd edib ki, polis mayoru kimi işdən çıxandan sonra Dünyamin Xəlilovun rəhbəri olduğu "General Construction" şirkətində mühafizəçi vəzifəsində çalışıb: “Bir müddətdən sonra Dünyamin Xəlilovun təkidi ilə “Betaline" şirkətinə direktor təyin olundum. Lakin bu formal xarakter daşıyır. Yenə də mühafizəçi kimi işləyirdim. Maaşım 450 manat idi, 100 manat da həmin şirkətə görə məvacib alırdım. Şirkətlə bağlı sənədlərə qol çəkmişəm. Dünyamin müəllimin işçisi sənədləri gətirirdi, mən də baxmadan qol çəkirdim”.
İstintaqla müəyyən edilib ki, R.Kərimov Beynəlxalq Bankdan 39 milyon 180 min manat kredit götürüb.
Prosesdə digər təqsirləndirilən Fariz Muradov ifadə verib. O bildirib ki, Milli Təhlükəsizlik Nazirliyindən işdən çıxandan sonra D.Xəlilov tərəfindən Şüşə zavoduna direktor təyin edilib: “Mən yalnız sənədlərə qol çəkmişəm. Pullardan xəbərim olmayıb. Günahsızam, ittihamları qəbul etmirəm”.
Məhkəmədə təqsirləndirilən şəxs Svetlana Əsədullayeva da dindirilib. O, Dünyamin Xəlilovun köməkçisi olduğunu deyib: “Onun otağına çay aparan idim. Çalışdığım dövrdə Dünyamin müəllim məni “Deltaline" şirkətinə direktor təyin etdi. Sənədlərə qol çəkmişəm, başqa heç bir iş görməmişəm”.
Məhkəmədə qeyd edilib ki, S.Əsədullayevanın adına Beynəlxalq Bankdan 5 milyon 308 min manat kredit ayrılıb.
Prosesdə fasilə elan olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.