Rusiyada 3 azərbaycanlını qətlə yetirən şəxslər tutulub
11 aprel 2014 15:02 (UTC +04:00)

Rusiyada 3 azərbaycanlını qətlə yetirən şəxslər tutulub

Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları 20 il və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir


 

Rusiyanın Murmansk şəhərində üç azərbaycanlını qətlə yetirməkdə təqsirli bilinən iki nəfər həbs olunub.

 

APA-nın Rusiya bürosunun məlumatına görə, Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Nəriman Axundov, Sədi Əzizov və Rusiya vətəndaşı, Murmanskdakı “Karina” ticarət mərkəzinin sahibi Həbib Kərimovun qətlində şübhəli bilinən şəxslər Voronej şəhərində yaxalanıblar.

 

Saxlanılan şəxslərin azərbaycanlı olduqları bildirilib.

 

Murmansk Şəhər Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin rəisi Maksim Smirnov qətldə şübhəli bilinərək saxlanılan şəxslərin iki qardaş olduğunu söyləyib. M. Smirnov şübhəli şəxslərdən birinin yeni Rusiya vətəndaş pasportu əldə etdiyini və haqqındakı məlumatları dəyişdiyini bildirib: "Saxlanılan şəxslərin məlum cinayət hadisəsində iştirakına dair sübutlar götürülüb. Lakin onlar hələlik cinayəti törətdiklərini boyunlarına almırlar".

 

Şöbə rəisi istintaq sirri olduğundan saxlanılan azərbaycanlıların adlarını da açıqlamayıb: “Qətldə şübhəli bilinən qardaşların hər ikisi idmanın qaydasız döyüş növü ilə məşğul olub. Heç bir ailəli deyil”.

 

Qeyd edək ki, ötən il dekabrın 4-də axşam saatlarında Murmansk şəhəri Xibinski küçəsi, ev 12 ünvanında silahlı insident qeydə alınıb.

 

Nəticədə iki Azərbaycan vətəndaşı, Lənkəran rayon sakinləri - 1976-cı il təvəllüdlü Nəriman Axundov və 1970-ci il təvəllüdlü iş adamı Sədi Əzizov ölüb, 1971-ci il təvəllüdlü Rusiya vətəndaşı, Murmanskdakı “Karina” ticarət mərkəzinin sahibi Həbib Kərimov isə ağır yaralanıb.

 

Xəstəxanaya yerləşdirilən H. Kərimov komadan ayılmayıb.

 

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (iki və ya daha çox adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə azərbaycanlı qardaşları 20 il və ya ömürlük müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874
avatar

Oxşar yazılar