**
Sabiq müdafiə naziri Rəhim Qazıyevin barəsində Binəqədi rayon Məhkəməsinin çıxardığa 10 sutka həbs cəzasından verilən şikayət üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, Binəqədi rayon Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, 10 sutka həbs cəzası dəyişdirilərək cərimə cəzası ilə əvəzlənib.
Rəhim Qazıyevın vəkili Zibeydə Sadıqova Lent.az-a açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxslə bağlı şikayətləri təmin edilməyib: “Belə ki, biz bəraətverici əsaslarla işə xitam verilməsini istəmişdik. Lakin bizim şikayətimiz təmin edilmədi. Hakim Rəhim Qazıyev barəsində 10 sutka həbs cəzasını 100 manat cərimə ilə əvəzlədi. Lakin onun 5 gün həbsdə yatdığını nəzərə alaraq, həmin cərimə də ödənmiş hesab edildi və azadlığa buraxıldı".
***
12:47
Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin barəsində olan qərardan verdiyi apellyasiya şikayətinin vaxtı açıqlanıb. Lent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov özünün feysbuk səhifəsində məlumat verib. Onun sözlərinə görə, R.Qazıyevin şikayətinə bu gün Bakı Apellyasiya Məhkəməsində, hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, R.Qazıyev bir neçə gün əvvəl Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 10 sutkalıq həbs edilib. O, küçədə söyüş söymədə ittiham olunur.
Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.