Bakı Apelyasiya Məhkəməsində qətldə təqsirli bilinən 1966-cı təvəllüdlü Sevinc Hüseynovanın cinayət işi bağlı məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən S. Hüseynovanın şikayəti təmin edilməyib.
Qeyd edək ki, qətl keçən il martın 30-da Binəqədi rayonu ərazisində Musabəyov küçəsi bina 6, mənzil 32 ünvanında baş verib. 48 yaşlı Sevinc Hüseynova həmin ünvanda yaşayan tanışı, 43 yaşlı Bakı şəhər sakini Yasəmən Salıyevanı öldürüb. Rəfiqəsinin öldüyünü görən Sevinc Hüseynova Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gələrək könüllü təslim olub.
İstintaq araşdırmaları zamanı məlum olub ki, Yasəmən Salıyeva ilə onu boğaraq qətlə yetirən Sevinc Hüseynova yaxın rəfiqə olublar. Onlar mütəmadi olaraq bir-birinin evinə qonaq gediblər. Hadisə baş verən gün isə Sevinc rəfiqəsinin evinə qonaq gedib. Yasəmənin mənzilində mübahisə yaranıb. Mübahisə zəminində ev sahibi başı ilə Sevincə kəllə atıb. Əsəbləşən Sevinc mənzildəki qadın corabını götürərək rəfiqəsini boğub. 3-cü qrup əlil olan Yasəmən Salıyeva müharibədən sonra sürücülüklə məşğul olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc Hüseynova 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sevinc Hüseynova cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.