"Mən heç bir kəşfiyyat orqanına çalışmamışam. Elə buna görə də hüquqlarımın müdafiəsinə qalxacam".
Bunu Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə azadlığa buraxılan jurnalist Rauf Mirqədirov Lent.az-ın sualına cavabında deyib. Jurnalist bildirib ki, şərti qaydada azadlığa çıxmağı onun üzərindəki ittihamları götürmür: "Ona görə də barəmdə bəraət hökmü çıxarılana kimi mübarizə aparacam".
Jurnalist daha sonra bildirib ki, həbsdə ona qarşı həmişə çox korrekt davranıblar:
"Təəssüf ki, həbsdə olanda atam rəhmətə getdi, bu hadisələr mənə pis təsir etdi. Lakin baş verənləri Allahın sınağı kimi qəbul edirəm. Bir qədər istirahətdən sonra jurnalist fəaliyyətimi davam etdirəcəm".
11:05
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə jurnalist barəsində həbs qətiimkan tədbiri dəyişdirilib. Hakimlər kollegiyasının qərarı ilə R.Mirqədirov Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.
Rauf Mirqədirov azadlığa çıxan kimi jurnalistlərə açıqlama verib:
"Mənim azadlığa çıxmağım üçün zəhməti olan bütün dostlarıma təşəkkür edirəm. Əsasən də vəkilimə və həmkarlarıma".
Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.