“Mən Azərbaycan prezidentinə mətbuat vasitəsilə müraciət etmişəm. Ancaq hazırda rəsmi müraciət də hazırlayıram və digər qurumların mənə cavabına uyğun olaraq, prezidentə rəsmi müraciət ünvanlayacam”.
Bunu Lent.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
R. Arifoğlu bildirib ki, prezident İlham Əliyevin həm də problemin həllinə dair göstəriş verəcəyinə ümid edir: “Mən düşünürəm ki, ölkə başçısı İlham Əliyevin həm jurnalistlərin dostu, həm də prezident kimi mandatı ona rəsmi müraciət etməyimiz üçün əsas verir. Ümid edirəm ki, prezident də qəzetimizin yayımı ilə bağlı yaranmış problemin həllinə dair göstəriş verəcək”.
Qeyd edək ki, “Yeni Müsavat” rəhbərliyi qəzetin satışına maneələrin yaradıldığını bildirir. Qəzetin baş redaktoru R.Arifoğlu bu məsələyə diqqət çəkmək üçün “Yeni Müsavat”ın çapını 3 günlük dayandırmışdı. Qəzet sabahdan etibarən yenidən satışda olacaq.