Bu gün Xaçmaz Rayon Məhkəməsində Quba hadisələrində təqsirləndirilən jurnalistlərin və digər 4 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, prosesdə 17 şahid ifadə verib. Onlar arasında “Xəyal” televiziyasının əməkdaşları və sürücülər olub.
Ümumilikdə, bu vaxtadək iş üzrə 98 şahiddən 52 nəfərin ifadəsi alınıb. Vəkillər bu vaxtadək şahidlərin ifadə əsasında təqsirləndirilən şəxslərin günahkar olduqları sübuta yetirilmədiyini nəzərə alınaraq, barələrində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti ilə çıxış ediblər. Dövlət ittihamçısı vəsatətə qarşı çıxıb. Məhkəmə vəsatəti təmin etməyib.
Proses yanvarın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Quba şəhər Bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, Zakir Məmmədov, Gülağa Əliyev Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 ( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə, Muxtar Ələkbərov isə CM-in 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirləndirilirlər.
Ötən il martın 1-də Qubada İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra Hakimiyyətinin yardımçı binaları, İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun evi yandırılıb.