Qobustan rayon prokurorunun köməkçisi Eldəniz Əhmədov APA-ya açıqlamasında bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
E. Əhmədov qeyd edib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.
Qeyd edək ki, məlum hadisə mayın 23-də Qobustan rayonunun “Cənnət bağı” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (“Elektrokar”) aşıb. Nəticədə maşında olan 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.
Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əzizova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri alıblar.
Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişmiş 10 yaşlı Qorcu Dəniz tanınmış rejissor Tərlan Qorçunun qızıdır.