Dekabrın 7-də Yevlax rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Səmədabad kənd sakini Əsədov Sərxan Əli oğlu keçmiş həyat yoldaşı Əsədova Esmira Həsən qızını amansızlıqla öldürüb. S.Əsədov həyat yoldaşını döydükdən sonra iri daş parçası ilə onun başına bir neçə zərbə endirib. Qadının öldüyünə əmin olan keçmiş əri daha sonra rayon polis şöbəsinə gələrək törətdiyi əməl barəsində məlumat verib və təslim olub.
S.Əsədov hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Daha bir qətl hadisəsi Göygöl rayonunda qeydə alınıb. Qızılca kəndində 1985-ci il təvəllüdlü Yasin Həsənov qohumu 1967-ci ildə anadan olmuş Həsənov Elçin Rəcəb oğlunu güllələyərək öldürüb. Bu hadisənin də qısqanclıq zəminində törədildiyi bildirilir.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.