Türkiyənin Salihli bölgəsində Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Salihli bələdiyyə başqanı Zeki Kayda ilə görüşüb.
Lent.az-ın məlumatına görə, bələdiyyə başqanı millət vəkili ilə görüş zamanı Günəşli yatağında baş verən qəza ilə bağlı həlak olmuş neftçi qardaşlarımızla bağlı xəbərə çox üzüldüklərini bildirib. Belə həssas münasibət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva "sevincimiz də kədərimiz də birdir, inşallah, bir daha millətimiz və iki qardaş dövlətimiz belə acılar yaşamasın" deyib.
Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb. O, yaxın zamanlarda Salihli mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib və Salihli bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Salihli bələdiyyə başqanı Zeki Kayda Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayıb. "Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır" deyən Şalihli bələdiyyə başqanı Zeki Kayda hər zaman qardaş Azərbaycanın yanında olduqlarını bildirib.
Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində Salihlinin də yer alacağını bildirib və Azərbaycan insanına Salihlini daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib.Millət vəkili Şalihli bələdiyyə başqanı Zeki Kayda və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib.
Dəvəti məmnuniyyətlə qəbul edən Şalihli bələdiyyə başqanı Zeki Kayda Azərbaycana məmnuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Salihli bələdiyyə başqanı Zeki Kaydaya həm müəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” , "Karabağ hikayeleri" kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə Salihlinin tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.