Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Rüfət Zahidov və Rövşən Zahidovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı Polad Qarayev ifadə verib.
O, ifadəsində bildirib ki, Şamaxıda Rövşən Zahidovun evində axtarış apardıqlarını deyib: "Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Bakı Şəhər Səbail Rayon Polis İdarəsi və Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları Şamaxıda Rövşən Zahidovun evində axtarış aparırdıq. R. Zahidovun pencəyinin cibindən narkotik maddəsi aşkarlanıb".
Proses aprelin 19-da davam edəcək.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, Rüfət Zahidov hazırda Fransada mühacirətdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə onun əmisi oğludur.