13-15 sentyabr 2013-cü il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzəndəki Beşbarmaq dağında təbii qayalarda qayayadırmanma üzrə açıq respublika çempionatı başa çatıb. Lent.az-ın məlumatına görə, çempionata FAİREX-in “Salavat”, “Ekstralife”, “Şahdağ”, “Zirvə”, “Qaya Qartalları”, “Ekosport”, “Climber”, “Gənclik”, “AMEAST”, “Qərb Universiteti”, “Tanrıdağ”, “Gəncə”, “İrəli”, “Rockstone”, “Blackstone”, “Şəki”, “Kəpəz”, “Kyanit”, “Qafqaz” və digər idman klublarının idmançıları qatılıb. Yerli və xarici kişi və qadın idmançılar üç mərhələdə (təsnifat, yarımfinal, final) mübarizə aparıblar.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün birinci yer uğrunda qızğın mübarizə aparıblar. Sonda qaliblər müəyyən olunub və nəticələrə görə ilk üçlükdə Azərbaycan klublarının idmançıları və İrandan gələn qonaqlar yer alıblar. FAİREX onlara qiymətli hədiyyələr təqdim edib.