Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Əliyev, Samir İsayev və Nicat İsmayılov birinci instansiya məhkəməsinin hökmündən verilən şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib.
Qeyd edək ki, keçən il mart ayının 24-də Bakı şəhər sakini Rüzigar Əliyev Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinə (PB) ərizə ilə müraciət edib. O, martın 12-də qızı Gülər Əliyevanın ona xəbər vermədən evdə olan 3500 manat və 19 min ABŞ dolları, habelə bir cüt qızıl sırğanı tanışı, paytaxt sakini S.Əliyevə verib. Aparılan araşdırma zamanı məlum olub ki, Bakı şəhər sakinləri S.Əliyev, S.İsayev, N.İsmayılov, Emin və Turqut adlı şəxslərlə birgə G.Əliyevanı aldadaraq ondan pul və qızıl əşyanı alıb. Həmçinin, N.İsmayılovun əldə olunan puldan 9600 ABŞ dollarını gizlətdiyi üçün cari il mart ayının 18-də qrupun digər üzvləri tərəfindən oğurlanıb əl-qolu bağlanılaraq Binəqədi rayonu ərazisindəki hotellərdən birində saxlanılıb. Lakin onun bir gün sonra oradan qaçması da müəyyən edilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsi ilə S.Əliyev, S.İsayev və N.İsmayılov tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İsmayılovla S.İsayevin hər biri 8 il 6 ay, S.Əliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan S.Əliyev məhkəmə zalında həbs olunub.