Qadın alverində təqsirləndirilən Sima Ramazanzadə barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Hakimlər kollegiyasının qərarına əsasən, məhkəmə apellyasiya baxışına xitam verib.
Buna səbəb təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina etməsi olub.
Qeyd edək ki, S.Ramazanzadə bir qrup azərbaycanlı qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinib.
O, 2015-ci ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
S.Ramazanzadə Cinayət Məcəlləsinin 144-1.2.5-ci (insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib.
2016-cı il mart ayının 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ramazanzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.