Bakı şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Müşfiq Abbasovun birincu instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, Müşfiq Abbasovun şikayəti təmin edilməyib.
İttihama görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov ötən il dələduzluqda təqsirli bilinərək həbs edilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. O, məhkəmə zalından azadlığa buraxılıb. Müşfiq Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb. Səbail rayon Məhkəməsinin hökmü ilə Müşfiq Abbasova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib. Hökmdən narazı qalan Müşfiq Abbasov apelyasiya şikayəti verib. O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.