Bu gün Nərimanov Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, çıxışı zamanı Məmməd İbrahimin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan sonra Məmməd İbrahimin müdafiəçisi Yalçın İmanov çıxış edərək, müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Vəkil çıxışında işi aparan müstəntiq barəsində xüsusi qərar çıxarılmasının və cinayət işi açılmasını istəyib.
Təqsirləndirilən Məmməd İbrahim məhkəmədə son sözlə çıxış edib. O, çıxışında bəraət hökmündən başqa çıxarılacaq bütün qərarların ədalətsizlik olacağını deyib.
Hakimlər kollegiyası sabaha qədər müşavirəyə yollanıb.
Qeyd edək ki, Məmməd İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsiylə ittiham irəli sürülüb.
Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.