Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Şamaxıda yenidən qurulan Olimpiya İdman Kompleksi ilə tanış olub.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev Şamaxı Olimpiya Mərkəzində futbol meydançasının, üzgüçülük hovuzunun və yeni idman zalının açılışında iştirak etdi.
Mərkəzdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şamaxıya səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, son illərdə Şamaxıda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Bu cür idman qurğusunun istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artırmışdır. Qeyd olundu ki, Şamaxı Olimpiya Mərkəzində yeni idman zallarının və qurğularının tikintisinə 2010-cu ilin fevralında başlanmışdır. Layihəyə əsasən 2500 kvadratmetr olan binaların fasadı dəyişdirilmiş, müasir dizaynlı materiallar və şüşələrlə örtülmüşdür. Mərkəzin bütün havalandırma, işıqlandırma sistemləri yenilənmişdir. Üzgüçülük hovuzunun dam örtüyünün metal konstruksiya hissələri dəyişdirilmişdir.
Burada dövlətimizin başçısına ölkədə tikintisi nəzərdə tutulan olimpiya mərkəzinin yeni hazırlanmış layihəsi təqdim olundu.
Sonra Prezident İlham Əliyev Mərkəzin idman zallarını və otaqlarını gəzdi. Konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait vardır. Oyun meydançalarının örtükləri və oturacaqları dəyişdirilmiş, əlavə məşq zalı inşa edilmişdir. Binanın daxilində trenajor-fitnes zalları və sauna fəaliyyət göstərəcəkdir. İki min nəfərlik tribunası olan beynəlxalq standartlara uyğun futbol stadionu inşa edilmiş, yeni qaçış zolağı salınmışdır. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkün olacaqdır. Müasir tələblərə uyğun 8 kottec inşa edilmişdir. Ərazini sel sularından qorumaq üçün suötürücü beton kanal çəkilmişdir. Bütün ərazidə elektrik təchizatı, suvarma, istilik şəbəkəsi qurulmuşdur. Elektrik transformatorları üçün yeni bina inşa edilmişdir. Yeni rabitə xətləri çəkilmiş, daxili avtomat telefon stansiyası, təhlükəsizlik kameraları quraşdırılmışdır. Bütün ərazi Wİ-Fİ internet şəbəkəsi ilə təmin edilmişdir. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıqlarını verdi.
Prezident Şamaxı Olimpiya Kompleksi ilə tanış olub
1042