Prezidenti İlham Əliyev avqustun 14-də Qəbələdə “Qafqaz Karvansaray” otel kompleksinin açılışında iştirak edib. Lent.az-ın mlumatına görə, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, təkcə Qəbələ rayonu deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl infrastruktura malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilib. Tikinti işlərinə 2012-ci ilin mayında başlanıb, bu ilin avqustunda başa çatdırılıb. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir.
Bildirilib ki, avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub.
Bildirilib ki, “Qafqaz Karvansaray” otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcək.
Otellə yaxından tanış olan prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.