Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 6-da Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezident Azərbaycanla Xorvatiya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğulayıb. Xorvatiya Prezidentinin Azərbaycana və özünün Xorvatiyaya rəsmi səfərlərini məmnunluqla xatırlayan prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və müdafiə sahələrində daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib. Dövlət başçısı Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.
Müdafiə naziri XorvatiyapPrezidenti İvo Yosipoviçin salamlarını dövlət başçısına çatdırıb. Xalqlarımızın oxşar tarixə malik olduğunu və ölkələrimizi sıx dostluq tellərinin bağladığını qeyd edən nazir ikitərəfli münasibətlərimizin müsbət istiqamətdə inkişaf etdiyini deyib.
Dövlət başçısı bu gün həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul edib. Nümayəndə heyətlərinin başçılarını salamlayan dövlət başçısı xarici ölkələrin Həmkarlar İttifaqları nümayəndələrinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirakını ölkələrimizin müvafiq strukturları arasında mövcud olan yaxşı əməkdaşlığın göstəricisi kimi dəyərləndirib.