Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Lent.az-ın AzərTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə dövlətimizin başçısına məlumat verib ki, rəsədxanada inzibati bina, sərgi və 110 nəfərlik mühazirə zalları, 6 teleskop binası, o cümlədən 2 metrlik əsas teleskopun binası əsaslı təmir olunmuş, 110 nəfərlik yeməkxana tikilmişdir.
Əsaslı təmir və yenidənqurmadan sonra buradakı inzibati otaqlarda iş şəraiti ən müasir səviyyəyə çatdırılmışdır. Rəsədxananın Bakı şəhər bölməsi, “Günəş fizikası”, “Günəş və Yer əlaqələri”, “Planetlər və kiçik səma cisimləri” və digər şöbələri vardır.
İki metrlik əsas teleskopun yerləşdiyi binada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, bu bina ilə yanaşı, horizontal Günəş teleskopunun, 70 və 35 santimetrlik teleskopların, həmçinin alman teleskopunun binaları da əsaslı təmir olunmuşdur. Əsas teleskopun idarəetmə sistemi tam avtomatlaşdırılmışdır. Rəsədxananın bütün teleskoplarına müasir və yeni işıq qəbulediciləri alınmış, xüsusi kameralar və kriogen qurğusu quraşdırılmışdır. Ümumilikdə rəsədxana astrofizika və fundamental astronomiya sahəsində keçmiş sovet və postsovet elmi proqramlarına mühüm töhfələr vermişdir.
Rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və prioritet problemləri ilə uzlaşdırılmışdır. Rəsədxanada qalaktikanın, ulduzların, planetar dumanlıqların, Günəşin, planetlərin və kometaların müşahidəsi aparılır. Burada ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası və fizikası, həmçinin Günəş fizikası istiqamətində elmi işlər görülür.
Dövlətimizin başçısına Şamaxı Astrofizika Rəsədxanasının əvvəlki və yenidənqurmadan sonrakı görüntüləri əsasında bu elmi-tədqiqat mərkəzinin fəaliyyəti barədə məlumat verildi. Rəsədxananın direktoru Əyyub Quliyev teleskopların müasirləşdirilməsi və avtomatlaşdırılması, gələcəkdə nəzərdə tutulan işlər, həmçinin əldə olunan nailiyyətlər barədə danışdı. Bildirildi ki, burada Günəş fizikası sahəsində tədqiqatlar aparılmış, yüksək elmi nəticələr əldə olunmuşdur. Günəş alışmalarının inkişafı, maqnit sahəsi və Günəş atmosferinin incə quruluşu ilə bağlı aparılan tədqiqatlarla yanaşı, ulduz fizikası sahəsində qeyri-stasionar, dəyişən və qoşa sistem ulduzları, geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar da öyrənilir.
Dövlətimizin başçısına son günlərdə kosmosdan alınan görüntülər, o cümlədən diametri 6,5 metrdən çox olan teleskoplar barədə məlumat verildi.
Prezident İlham Əliyev rəsədxananın ərazisində yaradılan yeni yaşayış massivindəki şəraitlə də tanış oldu. Burada 40 və 32 mənzilli beşmərtəbəli iki bina, bir və ikimərtəbəli 10 kottec və mehmanxana inşa olunmuşdur. Otaqlarda qonaqların rahatlığını yüksək səviyyədə təmin etmək üçün bütün şərait yaradılmışdır. Qonaqlar kotteclərin sürətli internet, kabel televiziyası və digər xidmətlərindən yararlana biləcəklər.