Bakıda polis mayorunu öldürməyə cəhddə təqsirləndirilən 1988-ci il təvəllüdlü Əli Həsənov və xuliqanlıqda təqsirləndirilən 1976-cı il təvəlüldlü Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədriyi ilə keçirilən prosesdə bir nəfər şahid qismində məhkəməyə gəlməyib.
Hakim bildirib ki, həmin şahid şərab evində satıcı işləyib. Məhz Əli Həsənov ondan şərab alıb,hadisəni də görməyib
Onun istintaqa verdiyi ifadə elan olunub.
Məhkəmədə sənədlərin tədbiqi mərhələsini keçib. Proses zamanı hadisənin videogörüntüsü nümayiş etdirilib.
Təqsirləndirilən şəxs Əli Həsənovun vəkili Orxan Əhmədov bildirib ki, görüntülərə əsasən, Əli Həsənovun orada özünü qorumaq niyyəti olub: "Həmin görüntülərdə məlum olur ki, 3-4 nəfər Əli Həsənovu döyürlər. O zaman o özünü qorumaq məqsədilə bıçaq çıxardır. Qorxuzmaq məqsədilə".
Həmçinin vəkili qeyd edib ki, hadisə zamanı istifadə edilən bıçaq aşkarlanmayıb: "Lakin müstəntiq bıçağın ölçüsünün 18 sm olmasını göstərib. Bıçağın aşkar edilmisə üçün heç bir istintaq hərəkəti aparılmayıb".
Məhkəmə istintaqı başa çatdırılıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışa hazır olmadığını bildirib.
Buna görə proses aprelin 25-ə təyin edilib
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib.
1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı, 1974-cü il təvvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər.
Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmovla həmin şəxslərə sataşıb. Bunu görən Namiq Abdullayev onun arxasınca qaçıb və obyektinin çıxışında Əhmədyar Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.
Əhmədyar Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub və Namiq Abdullayevi döyüb. Bu münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb.
Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar.
Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub.
Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb