Sumqayıt Apelyasiya Məhkəməsində qanunsuz odlu silah saxlamaqda və adam oğurluğunda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov və Nizami Nəcəfovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti baxış iclası iyunun 2-nə təyin edilib.
Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar qanunsuz silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunurlar.
İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu, II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.
Onu da qeyd edək ki, Mərziyyə Osmanova Quba rayon Polis Şöbəsinin əməkdaşının bacısı olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəfanur Məmmədov 6 il 6 ay, Vəfadar Məmmədov 7 il, Nizami Nəcəfov isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.