Görüşdən sonra Adil Vəliyev APA-ya açıqlamasında deyib ki, sakinlərə müəyyən köməklik olunacaq.
Sakinlər isə bildiriblər ki, görüşdə onlara ödəniləcək kompensasiyanın məbləğinin artırılacağına söz verilib.
Eyni zamanda onlara boş yerlərdə müvafiq torpaq sahələrinin ayrılmasının nəzərdə tutulduğu da deyilib.
Daha sonra İH başçısı söküntü işlərinin aparılacağı ərazilərə baxış keçirib.
***
12.15
Bu gün səhər saatlarında etiraz aksiyası keçirən Pirşağı sakinlərinin bağladığı Kürdəxanı-Zabrat yolunda avtomobillərin hərəkəti bərpa olunub.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Kürdəxanı-Zabrat yolu polisin müdaxiləsindən sonra açılıb.
Aksiya isə davam edir. Yerli sakinlər qəsəbə ərazisindən keçəcək Bilgəh-Sumqayıt Dairəvi yolunun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazılıq edirlər.
Onlar evlərin hər kvadratmetrinə görə 200-300 manat məbləğində kompensasiya təklif edildiyini bildiriblər.
Pirşağı bələdiyyəsinin nümayəndələri aksiyaçılarla danışıqlar aparırlar. Sabunçu Rayon İcra Hakimiyyəti təmsilçilərinin də hadisə yerinə gələcəkləri bildirilib.
***
11.30
Pirşağı sakinləri yolu bağlamaq istəyib
Pirşağı sakinləri avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sakinlər bu gün saat 10.30 radələrində Kürdəxanı-Zabrat yolunu bağlamaq istəyiblər. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməliyyat qrupu göndərilib.
APA-nın əldə etdiyi məlumata görə, sakinlər qəsəbə ərazisindən keçəcək Dairəvi yolun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazı olduqlarına görə bu addımı atıblar.
Polis sakinləri ərazidən uzaqlaşdırmağa çalışır.