Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa" otelində “Zaminbank” filial müdirini qətlə yetirməkdə təqsirli bilinən Sənan Quliyev və Mövlud Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib. Təqsirləndirilən şəxslər son söz demək üçün vaxt istəyiblər. Məhkəmə prosesi yanvarın 12-də davam edəcək
Xatırladaq ki, prokuror çıxışında Sənan Quliyevin ömürlük, Mövlüd Səfərovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, bu il aprelin 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri - "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.
S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə), 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, 120.2.2-ci (qəsdlə adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə, 120.2.3-cü (qəsdlə adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddələri ilə ittiham edilib.