Tanışını döyə-döyə öldürməkdə təqsirləndirilən Kamil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Kamil Quliyev ifadə verib.
O, ifadəsində qeyd edib ki, mərhum Rahib Zeynalov və bir neçə dostu ilə birgə kafedə oturublar: " Oturmuşduq, əvvəlcədən razılaşmışdıq ki, kafedə hesabı vermədən çıxıb gedək. Rahib buna görə orada stolu aşırdı, bakalı qırdı. O, içkili idi. Dedi ki, guya mən tanışımız Zülfüqarın atasına söymüşəm. Buna görə də Zülfüqarın yanına getdik. Rahiblə aramızda mübahisə düşdü. Məni kəllə ilə vurdu. Onu itələdim, Rahib yerə yıxıldı. Sonra onu maşınla xəstəxanaya apardıq. Daha sonra evə getdim. Sabahısı gün məhəllədə eşitdim ki, Rahibin vəziyyəti ağırdı. Gedib polisə təslim oldum".
Daha sonra mərhum R.Zeynalovun anası Bəsti Zeynalova hüquqi varis qismində dindirilib. Ölən şəxsin anası oğlunun heç bir günahı olmadığını deyib: "Xəstəxanaya düşəndən sonra dedilər ki, əməliyyat olunmalıdır. 3 min manat pul istədilər. Çətinliklə pulu tapıb verdim. Əməliyyatdan sonra Rahib evdə yatanda hadisə yadına düşdü və dedi ki, onu döyüblər və Zülfüqar da onu vurub. Oğlum zəif idi. Uşaq vaxtı avtomobil qəzasına düşmüşdü. Maşın onu vurandan sonra dalağı çıxarılmışdı. Xəstəxanada 16 gün yatdı, sağlam da evə apardıq. Bu hadisə zamanı isə onu döyənlər aparıb xəstəxanaya atıb, qaçıblar. Hətta xəstəxanada onun adını da səhv yazdırıblar. Oğlumun boynu qırılmışdı. Kamilin anası və bacısına dedim ki, əməliyyata pul lazımdır. Köməklik edin. Razı olmadılar. Dedilər gedib 15 il yatar”.
Məhkəmə sentyabrın 14-də davam edəcək.
Qeyd edək ki, hadisə keçən il Sumqayıtda baş verib. K.Quliyev münaqişə zəminində tanışı Rahib Zeynalovla əlbəyaxa olub. Əlbəyaxa dava zamanı R.Zeynalov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Bundan sonra zərərçəkmişin şikayəti əsasında K.Quliyev həbs edilib.
Ona Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. Məhkəmə dövründə R.Zeynalov aldığı xəsarətlərdən ev şəraitində dünyasını dəyişib.
Bu səbəbdən məhkəmə dövründə K.Quliyevə verilən CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsinin ağırlaşdırılması ilə bağlı iş cinayət işi yenidən Sumqayıt Şəhər Prokurorluğuna qaytarılıb. Daha sonra ona CM-nin 126.3-cü (qəsdən sağlamığa ağır zərər vurma, ehtiyatsızkıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.