Generalın qətlindən sonrakı mühüm 10 gün
Yenə də müəmma ilə dolu, odlu silahdan törədilən bir qətl hadisəsi ilə üzləşdik. Son 10-15 ildə ölkədə bu tip, bir-birinə xeyli oxşayan, kifayət qədər səs-küyə səbəb olub, hətta xarici ölkələrin diqqətini çəkən qətl hadisələri baş verib. Bu dəfə müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin fevralın 11-də, saat 07.30-da, evinin yaxınlığında qətlə yetirilməsindən, daha çox bu qətlin ehtimal olunan səbəblərindən yazacağıq. Bəri başdan qeyd edək ki, kifayət qədər ciddi, sarsıdıcı bir hadisə baş verib.
Əvvəlcə onu qeyd edək ki, bu qətllə bağlı hər hansı versiyanı kənara qoymaq olmaz. Səslənən, ağla gələn bütün versiyalar yalnız tam təkzib edildikdən sonra uzaqlaşdırıla bilər. Hələlik qətlin qarət və ya soyğunçuluq məqsədilə törədilməsi versiyasını ən az ehtimal olunan variant kimi kənara qoymaq olar. Əvəzində isə ortada çox diqqət çəkən və şübhələnmək üçün ciddi əsaslar olan versiyalar var. Bunları əsas iki qrupda birləşdirmək olar: Qətl xarici qüvvələrin marağı çərçivəsində və ya daxildə hansısa konflikt kontekstində baş verib.
Niyə məhz indi?
İlkin olaraq nəzərdən qaçırmayaq ki, səsli-küylü qətl hadisələrin məhz nə vaxt baş verməsi xüsusi önəm daşıyır. Bu vaxtadək baş verən oxşar qətl hadisələrinə nəzər salmaq kifayətdir. Elə ölkədə baş verən ən son səsli-küylü qətl hadisəsi - jurnalist Elmar Hüseynovun qətlə yetirilməsi tarixinə nəzər salaq. Həmin vaxt ölkə 2005-ci il parlament seçkilərinə hazırlaşırdı. İndi isə Konstitusiya dəyişikliklərinə dair 18 mart referendumuna hazırlıq gedir, Qarabağ probleminin həllə edilməsinə dair yayda saziş imzalanacağı barədə ardıcıl və israrlı xəbərlər gəlir. Həmsədrlər bu istiqamətdə ciddi bəyanatlar verirlər...
Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycanın təhlükəsizliyi, dövlətimizə qarşı təhdidlər barədə işarələr verməsini də nəzərə alsaq, bütün bunlar baş vermiş hadisənin kökündə xarici faktorun dayandığı barədə gümanları gücləndirir.
Niyə Rail Rzayev?
Nəzərə alaq ki, generalın adı NATO-Rusiya danışıqlarında Azərbaycanın təmsilçisi kimi çəkilirdi; o, bu istiqamətlərdə danışıqlarda ölkəmizi təmsil edib. Və elə bu elementin özü onun kimlər tərəfindən hədəfə alına biləcəyini aşkar söyləyir. “Stratfor” Amerika-İsrail araşdırma mərkəzinin də iki əsas xarici versiya üzərində dayanması təsadüfi deyil. “Stratfor” hesab edir ki, sifariş əsasən Ermənistan və Rusiya tərəfindən gələ bilər.
Qətl ətrafında yayılan məlumatlarda mərhum Rzayevin İsraildə də xeyli qohumunun yaşadığı bildirilir. Buna görə də mərkəzin qətl hadisəsinə diqqəti daha anlaşılandır. Mərkəzin təhlilində qeyd olunur ki, Hərbi Hava Qüvvələrinin komandanı kimi general Rzayev hərbi modernləşmə proqramına cavabdeh idi: “Neftdən əldə edilən gəlirlər sayəsində Azərbaycan hər il Ermənistanın ümumi büdcəsindən daha çox vəsaiti öz ordusunu gücləndirməyə və yenidən qurmağa sərf edir. Azərbaycanın güclü ölkəyə çevrilməsini istəməyən Rusiya, İran və Ermənistan kimi qonşular üçün bu fakt narahatlıq doğura bilərdi. Ona görə də Rzayevin qətlinin arxasında Azərbaycanın silahlanması və bundan narahat olan qaranlıq qüvvələrin dayana biləcəyi də nəzərdən keçirilə bilər”.
Mərkəz açıqca qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində Rzayev ciddi rol oynayıb və bu səylər generalı ermənilər üçün potensial hədəfə çevirə bilərdi. Eyni zamanda o da vurğulanır ki, Ermənistan Rusiyanın dəstəyini arxasında hiss edir və onun verdiyi silahlar sayəsində özünü inamlı aparır, bu isə rusların da qətldə rolu haqda düşünməyə vadar edir. Rzayevin ruslar üçün hədəfə çevrilməsi ehtimalını gücləndirən bir çox məsələlərdən də söhbət açırlar. Məsələn, Rzayevin 2007-ci ildə Qəbələ RLS-dən birgə istifadəyə dair Rusiya-Amerika danışıqlarında Azərbaycanı təmsil etməsi xatırladılır. Hesab olunur ki, bu danışıqlarda general ruslara müəyyən dərəcədə sadiq qalıb və hətta Rusiyanın mövqeyindən çıxış edib. Və bu səbəbdən də belə bir ehtimal irəli sürülür - ola bilsin ki, ruslar generalın bir çox şeylər haqda həddən artıq çox bildiyini düşünüblər və onu aradan götürməyi lazım biliblər.
Qarabağ səmasında şəksiz üstünlük
2007-ci ildən başlayaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin gücləndirilməsi istiqamətində islahatlar həyata keçirilir. Bu məsələdə isə əsasən ABŞ və Türkiyə maraqlı hesab olunur, hətta xüsusi dəstəklərini də gizlətmirlər. 2007-ci ilin sentyabrında Azərbaycan silahlı qüvvələri ilə ABŞ birləşmiş qüvvələrinin Avropa komandanlığı arasında saziş də imzalandı. Türkiyə də bu ildən etibarən 2 il ərzində Azərbaycan hərbi hava qüvvələrinin gücləndirilməsi ilə məşğul olacaq. Ekspertlər düşünürlər ki, əgər Azərbaycanın işğal olunmuş torpaqları müharibə yoluyla geri qaytarmağa cəhd göstərsə, ilk sözü hərbi hava qüvvələri deyəcək. Hava qüvvələrinə gələndə isə Ermənistan Azərbaycandan müqayisə olunmayacaq dərəcədə zəifdir. Böyük Britaniya hərbi qüvvələrinin əsas ali təhsil ocağı olan Birləşmiş Krallığın Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Təkmil Araşdırma və Dəyərləndirmə Qrupunun araşdırmasında da göstərilir ki, separatçıların ən zəif tərəfi hava qüvvələridir. Ötən ilin mayında açıqlanan araşdırma Azərbaycanın bu qoşun növü üzrə Qarabağda Ermənistandan hücuma imkan verəcək qədər üstün olduğunu göstərir. Araşdırma qrupu yazır ki, bu, “Qarabağ ordusu”nun ən zəif tərəfidir və genişmiqyaslı əməliyyatların aparılmasına mane ola bilər. Onda ortaya haqlı bir sual çıxır: Ermənistan tərəfi ən güclü himayədarının köməyi ilə düşmənin hava hücumunu təşkil edə biləcək güclü komandanı niyə də aradan götürməsin? Yaxud, bu işi onun strateji tərəfdaşı və əsas himayəçisi olan Rusiya niyə görməsin?
Nəzərə alaq ki, bu araşdırmada Azərbaycan və Ermənistan orduları haqda məlumatlar Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun dünya ölkələrinin hərbi potensialı haqda son hesabatı ilə səsləşir.
Beləliklə, qətlin xarici qüvvələr tərəfindən sifariş verilməsi ehtimalının xeyrinə kifayət qədər elementlər var. Lakin bu o demək deyil ki, daxili faktor tamamən kənara qoyulmalıdır.
Ölkə içi şübhələr...
Azərbaycanda indiyədək baş vermiş ağır qətl hadisələri ölkəmizdə də məşhur şəxslərin qətlini peşəkarlıqla həyata keçirmək imkanında olan qüvvələrin mövcudluğunu göstərib.
2005-ci ildə ölkədə silsilə qətllər və adam oğurluğu cinayətlərini həyata keçirən qrup yaxalandı. Bu, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun rəhbərlik etdiyi dəstə idi. Söhbət Hacı Məmmədovun yalnız yaxalanan dəstəyə rəhbərliyindən gedir. Bu dəstənin məhkəməsi göstərdi ki, silsilə qətllərin sifarişçilərinin heç də hamısı ortaya çıxmayıb. Məsələn, axıracan bilmədik ki, Respublika Prokurorluğunun baş kriminalisti Rövşən Əliyevin qətlini kim sifariş verib. Hacı Məmmədov yaxın ailə dostunu qətlə yetirdikdən sonra göz yaşları tökdüyünü dedi. Sonra da əlavə etmişdi ki, “onun dəstəsinin bəzi üzvləri hələ də çöldədir”.
Məhkəmənin gedişi və yarımçıq nəticələri elə o vaxtdan göstərirdi ki, ölkədə hələ də belə qəfil qətllərlə qarşılaşmaq ehtimalı var. Çünki əsas müttəhim naməlum və böyük gücə sahib olanların azadlıqda olduğuna işarələr vermişdi.
Qorxulu ehtimallar
Qeyd edilməli bir məqam var ki, əgər bu hadisə doğrudan da siyasi hadisələrə və ölkə içindəki vəziyyətin qarışdırılmasına yönəlibsə, o zaman bunun sonuncu olmadığını düşünməyə dəyər... Yəni, belə istəyə nail olunmadığı artıq ortadadır.
Şəxsi münaqişə
Qətllə bağlı ehtimallardan biri də hadisənin şəxsi münaqişə zəminində baş verməsi ola bilər. Nəzərə alsaq ki, general Rzayev yüzlərlə şəxsi heyəti olan bir qurumun rəhbəridir, onun kiminləsə şəxsi münasibətində problem olması istisna edilə bilməz. Nəzərə alsaq ki, R. Rzayev medianın şəxsi həyatını və yaşam tərzini o qədər də yaxından izləmədiyi və bilmədiyi bir generaldır, o zaman qətlin şəxsi zəmində törədilməsi ilə bağlı ehtimallara da geniş şərh vermək mümkün olmur.
General Rzayevin qətlinin üstünün açılması imkanlarına gəlincə, bunu aparılan istintaq göstərəcək. Amma qeyd edilməlidir ki, bu tip ağır cinayətlərin tez açılması üçün ilk 3 gün çox vacib idi. Hələlik bu ilkin şans itirilib. Növbəti 10 gün ərzində də cinayət hadisəsinə bir aydınlıq gəlməsə, onun xeyli müddət qaranlıqda qalacağı ehtimalı artır.
Kamera qeydləri götürülüb
Son xəbər isə qətlin üstünün operativ açılması üçün intensiv işlər görüldüyünü deməyə əsas verir. Məsələn, dünən Yasamal rayon Polis İdarəsində hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərin, həmçinin Bakı Şəhər Baş Polis idarəsinin rəisi Rafiq Abbasovun və rayon Polis İdarəsi rəhbərliyini iştirakı ilə bir neçə saat davam edən əməliyyat müşavirəsi keçirilib. Gələn xəbərlərdə qətlin bəzi motivlərinin artıq aydınlaşdığı, yaxınlıqdakı kameralardan qeydlər götürüldüyü də bildirilir.
Səbinə Əvəzqızı
Niyə Rail Rzayev? - ARAŞDIRMA
2483