NİDA-çıların məhkəməsi gələn ilə qaldı
26 dekabr 2013 14:02 (UTC +04:00)

NİDA-çıların məhkəməsi gələn ilə qaldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının 7 üzvü və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, prosesdə ilk öncə təqsirləndirilən şəxslərdən Rəşad Həsənov şifahi vəsatət qaldıraraq, bu günə qədər keçirilən məhkəmə iclaslarının protokolları ilə tanış olmaq istədiyini bildirib. Hakim Cavid Hüseynov bu iclasdan 3 gün sonra bütün məhkəmə protokolları ilə tanış ola biləcəyini deyib.

 

Daha sonra hakim təqsirləndirilən şəxslərdən Üzeyir Məmmədliyə ifadə verməyi təklif edib. Ü. Məmmədli məhkəmənin indiki mərhələsində ifadə vermək istəmədiyini bildirib. Bunun ardınca onun ibtidai istintaq dövründə verdiyi ifadələr elan olunub.

 

Məhkəmədə məlum olub ki, Ü. Məmmədli ona qarşı irəli sürülmüş ikinci ittihamla bağlı istintaq zamanı ifadə verməkdən imtina edib.

 

İfadələr elan olunduqdan sonra Ü. Məmmədli prokurorun və vəkillərin suallarını cavablandırıb. O, cavablarında “Nida” VH-nin yaranması, fəaliyyət istiqaməti və məqsədindən danışıb. Ü. Məmmədli özünün və “Nida”nın 10 mart əsgər ölümləri aksiyasında iştirakına da aydınlıq gətirib və bildirib ki, həmin aksiyanın təşkil edilməsində “Nida” VH-nin heç bir təşəbbüsü olmayıb. Ü. Məmmədli digər təqsirləndirilən şəxslərlə münasibətlərindən də bəhs edib və bildirib ki, onlardan bəzilərinin evindən aşkarlandığı iddia olunan narkotik maddə və “Molotov” kokteylləri barədə heç bir məlumatı olmayıb.

 

Bunun ardınca hakim prosesin bitdiyini elan edib. Növbəti məhkəmə yanvarın 8-də saat 10:30-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410
avatar

Anar Gəraylı

Oxşar yazılar