GÜNÜN ŞƏRHİ
Yaxın Şərqin gələcəyi Türkiyə-Rusiya əlaqələrinin inkişafından əhəmiyyətli dərəcədə asılı olacaq. Ankara Suriyada üz-üzə gələn əsas oyunçulardan biri ilə maraqlarını uzlaşdırmağa məcburdur. Suriya müharibəsinin əvvəlində seçimini Qərb, Səudiyyə Ərəbistanı və İŞİD üzərində edən Türkiyə bu siyasət müqabilində bölgədəki üstünlüklərini bir-bir itirdi. Ortalıqda izi-tozu görünməyən PYD/YPG real qüvvəyə çevrildi, türkmənlər oyundankənar vəziyyətə düşdülər, İŞİD Türkiyə üçün xarici təhdiddən daxili təhdidə çevrildi. Burada Rusiyanın meydana qəfil daxil olması və elə ilk dəqiqələrdə hettrik etməsi də böyük rol oynadı. İndi Suriya və İraqda qüvvələr balansı dəyişib. Türkiyənin müttəfiqləri dəyişmək, əksə cəbhədə təmsil olunmaq imkanı yaranıb. İdeal variant olmasa da, hazırda daha üstün mövqedə olan İran və Rusiyanın yanında olmaq Türkiyəyə sərf edir. Üstəlik Ankara Əsədi dəstəkləyən İran-Rusiya ittifaqına əliboş yaxınlaşmır, “Fərat qalxanı” Türkiyənin bölgədəki statusunu dəyişib. Təbii ki, Rusiya ilə münasibətləri yüksək səviyyəyə qaldırmaq asan olmayacaq, amma Binəli Yıldırımın açıqlamaları ən azı göstərir ki, Ankara müttəfiqlik məsələsində daha səmimidir.