GÜNÜN ŞƏRHİ
Bu, yekun - 3-cü debat idi. Debatdan dərhal sonra CNN-in keçirdiyi ənənəvi sorğuda Klintonun qalib gəldiyi açıqlanıb. Daha əvvəlki 2 debatı da xanım namizəd udmuşdu.
Debatların nəticələri Klintonun bir dövlət adamı kimi ölkənin və dünyanın problemlərinə daha yaxşı bələd olduğunu çox aydın şəkildə ortaya qoyur. Yaxın keçmişdə birinci ledi, senator və dövlət katibi kimi topladığı böyük təcrübə onun köməyinə gəldi və yarışda açıq favorit qismində önə çıxmasını təmin etdi. Lakin demokratların namizədi əsasən ABŞ-ın xarici siyasətinin istiqamətləri üzərində dayandı və prezident seçiləcəyi təqdirdə, bu istiqamətdə hansı kursu tutacağını açıq şəkildə, göstərə-göstərə bəyan etdi.
Onun rəqibi Tramp isə əksinə, sözü gedən istiqamətdə populist çıxışlar və çağırışlar xaricində ciddi bir proqrama, konsepsiyaya malik olmadığını göstərdi. Amma bir məsələ var. Amerika seçicisini Suriya, Rusiya, İraq, Çin deyil, daha çox öz daxili problemləri maraqlandırır. Trampın son ana qədər dirənişinin səbəbi bəlkə də budur. O, bu müddətdə seçicilərə onların istədiyini deyə bildi və iqtisadi rifah vəd etdi.
Bunun əvəzində seçici Trampa təşəkkür edəcəkmi? Sorğulara nəzər salsaq, Klintonun üstünlüyünün o qədər də çox olmadığını görərik. Bu isə o deməkdir ki, seçkinin nəticələri elə seçki günü bəlli olacaq...