GÜNÜN ŞƏRHİ
Rusiyanın məqsədi sanksiyalar yolu ilə Türkiyə iqtisadiyyatına maksimum zərər vurmaqdır. Amma bu, faktiki mümkün deyil. Tətbiq olunan sanksiyaların Türkiyəyə zərəri ümumi daxili məhsulun 0,5 faizindən çox olmayacaq. Bu, Qərb analitiklərinin hesablamalarıdır. Rusiyalı ekspertlər də artıq tətbiq olunan sanksiyaların effektsiz olduğu fikri ilə barışır. Qadağaların Türkiyəyə vurduğu zərər 4-5 milyard dollar olacaq, artıq Avropa İttifaqı bu itkilərin böyük hissəsini kompensasiya etməyə boyun olub. Ankara suriyalı qaçqınların Avropaya axınının qarşısını almaq müqabilində 3 milyard yardım alacaq və bu yardım Rusiya sanksiyalarından dəyən zərəri 70 faiz kompensasiya edəcək. Rusiyanın isə ölkə iqtisadiyyatına dəyəcək zərəri ödəmək üçün imkanları və vəsaiti məhduddur. Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulduqdan sonra ölkədə meyvə-tərəvəzin qiymətində bahalaşma müşahidə olunur. Bu bahalaşma Yeni il ərəfəsində daha da sürətlənəcək. Rusiyalı ekspertlər Avropa İttifaqından kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanın bu ittifaqa deyil, rusiyalı istehlakçıya zərər vurduğunu yada salır və bildirirlər ki, Türkiyəyə münasibətdə atılan bu addım istehlakçı üçün daha ağır nəticələnəcək. Hələlik Rusiyada təkcə dekabr ayında ərzaq məhsullarının qiymətinin 3-4 faiz bahalaşacağı proqnozlaşdırılır, üstəlik prosesin artan xətt üzrə davam edəcəyi istisna edilmir. Bu, sırf Rusiyanın aparıcı banklarının, beyin mərkəzlərinin, nüfuzlu ekspertlərinin hesablamalarıdır. Deyəsən, Moskva təyyarə insidentinin doğurduğu psixoloji affekt vəziyyətindən çıxmağa başlayır...
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Dekabr
275