Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağı ərazisindəki ağacların kəsilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Mərkəzi Nəbatat Bağının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ərazidə ağacların kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin heç bir əsası yoxdur: “Yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qismi bağın digər hissələrinə köçürülüb və artıq əkilib. Ağacların köçürüldüyü ərazinin sahəsi yarım hektardan çox deyil. Həmin ərazidəki bitkilər kəsilərək bağdan çıxarılmayıb. Orada tədqiqat işləri ilə əlaqədar yenidənqurma işlərinin aparılması gözlənilir".
Eyni zamanda bildirilib ki, bu yerdəyişmələr mövsümi xarakter daşıyır: “Ərazidəki ağacların bağın başqa hissələrinə köçürülməsinin səbəbi ərazidə yerin altından kommunikasiya xətlərinin keçməsi və elektrik naqillərinin olmasıdır. Həmin ərazidəki ağaclar böyük olduğundan, kommunikasiya xətləri onların köklərinin inkişafına mane olur. Orada kökləri daha dərin olmayan bitkilərin əkilməsi nəzərdə tutulur. Ağacların kökləri böyük olduğundan, onları əl ilə çıxarmaq mümkün olmazdı. Ona görə də ağacları traktor çıxarıb. Ağaclara müəyyən zədələr dəysə də, bu, o qədər də qorxulu olmayıb".
Qeyd edək ki, son günlər Mərkəzi Nəbatat Bağındakı ağacların kəsilməsi ilə bağlı mətbuatda informasiyalar yayılıb.