Azərbaycana qaçaqmalçılıq yolu ilə heroin gətirən şəxs saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.
Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müəyyən olunub.
Əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şəhərində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdiriməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.