Nardaranda ölənlərin cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi gözlənilir
29 noyabr 2015 18:40 (UTC +04:00)

Nardaranda ölənlərin cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi gözlənilir

Noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş silahlı insident nəticəsində ölənlərin cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi gözlənilir.

 

APA-nın Nardaranda olan əməkdaşının verdiyi xəbərə görə, bu barədə kənd sakini Mehman Məmmədov məlumat verib.

 

O, qəsəbə sakinlərini təxribata uymamağa, heç bir qüvvənin vasitəçisinə çevrilməməyə çağırıb.

 

Qeyd edək ki, bu gün Nardaran sakinlərinin bir qrupu qəsəbənin mərkəzi meydanını boşaltmaq barədə qərar qəbul edib. Bundan sonra qəsəbənin mərkəzində qurulmuş çadır sökülüb, sakinlərin böyük əksəriyyəti evlərinə dağılışıb.

 

Xatırladaq  ki, hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında qeyd olunub ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında  əməliyyat keçirilib.

 

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.

 

Hadisə nəticəsində dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb. A. Hüseyn Gəncə, S. Səfərov Masallı, digər 3 nəfər isə Nardaran sakinləridir. 

# 137
avatar

Oxşar yazılar