Nəsimi Rayon Məhkəməsində Nardaran hadisələri zamanı həbs edilən Mehman Quliyev barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
Lent.az-ın məlumatına görə, M.Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay artırılıb.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Onlar barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.