Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mütəxəssisləri tərəfindən döyüş maşınlarının silahlandırılması üçün distans idarə olunan döyüş modulu yaradılıb.
APA-nın məlumatına görə, yeni döyüş modulu özündə çox sayda silahı, mühafizə və müşahidə sistemlərini birləşdirir.
Yerli mühəndislər tərəfindən hazırlanmış döyüş modulu BRDM, BTR tipli zirehli transportyorlara, habelə BMP-1 və BMP-2 tipli piyadaların döyüş maşınlarının silahlanmasına daxil edilə bilir.
Döyüş modulunun silahlanmasına 23 mm çaplı QŞ-23-2L topu, 7.62 mm çaplı PKT pulemyotu, 30 mm çaplı AQS-17 qumbaraatanı, S-8 (S-5) tipli 4 raketlik buraxma qurğusu, D-81 tipli bulud qurğusu, həmçinin optik və termal nişangahlar daxildir. Döyüş modulunun qalxma bucağı 30 dərəcə, fırlanma bucağı isə 360 dərəcədir.
Mütəxəssislərin sözlərinə görə, yeni modul CAR-ın EWT firması ilə birgə istehsal olunan «Şimşək» döyüş modulundan özünün yığcamlığı və çoxfunksiyalılığı ilə fərqlənir. Bu sistemin yaradılmasında döyüşlərdə iştirak etmiş mütəxəssislərin təcrübələri nəzərə alınıb.
Qeyd edək ki, hazırda «Şimşək» döyüş modulu MSN-də müasirləşdirilən BTR-70M zirehli transportyorlarına qurulur.