Müdafiə naziri Türkiyənin Quru Qoşunları komandanı ilə görüşüb
17 noyabr 2015 16:52 (UTC +04:00)

Müdafiə naziri Türkiyənin Quru Qoşunları komandanı ilə görüşüb

0

Noyabrın 17-də müdafiə naziri Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak ilə görüşüb.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Müdafiə Nazirliyində qəbul edilən türkiyəli general protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Azərbaycanın Müdafiə naziri ilə Türkiyənin Quru Qoşunları komandanı arasında keçirilən təkbətək görüşdə Z.Həsənov Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. 
Müdafiə naziri son illər ölkələrimizin həm Quru Qoşunları, həm də Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini xüsusi qeyd edib. 
“Fəaliyyətlərimiz dövlət başçılarının dəstəyi, hərbi qurumlar arasında razılığa və təsdiq edilmiş illik əməkdaşlıq planlarına əsasən sürətlə davam etdirilərək daha da genişləndiriləcək. Bu iş bütün sahələrdən olan mütəxəssislərin cəlb olunması ilə, Silahlı Qüvvələrin ehtiyac və tələbləri nəzərə alınmaqla mərhələli şəkildə davam edəcəkdir”, - deyə general-polkovnik Z.Həsənov bildirib. 
Görüşdə “Tarixi dərindən öyrənərək bundan nəticə çıxarmalı, güclü olmaq üçün birlikdə olmalıyıq. Əməkdaşlığımız hər iki ölkənin Silahlı Qüvvələrinə təcrübə və fayda verməlidir”, - deyə S.Çolak bildirib. 
Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər noyabrın 19-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar