Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini tənqid edənlərə cavab verib.
Lent.az xəbər verir ki, o, ermənilərin türklərə qarşı düşmən münasibətinin 1870-ci illərdən etibarən xarici qüvvələr tərəfindən formalaşdırıldığını bildirib.
Paşinyan parlamentdəki çıxışında deyib ki, Ermənistanı nəzarətdə saxlamaq və insanların şüurunu qarışdırmaq istəyən qüvvələr daim “türk, türk, türk” deyərək erməniləri türklərə qarşı kökləyiblər. Onun sözlərinə görə, bu, ermənilərin bütün düşüncə sistemini alt-üst edib.
Baş nazir qonşularla sülhün təmin edilməsinin erməni ənənələrində və düşüncə tərzində olmadığını da qeyd edib. O, hökumətin Azərbaycanla, Türkiyə ilə və regionun digər ölkələri ilə geri dönməz sülh prosesinə doğru irəlilədiyini vurğulayıb.
Paşinyan müxalifətin istefa çağırışlarına da münasibət bildirib. O, konstitusiya ilə bağlı referendumda xalqın dəyişiklikləri dəstəkləməyəcəyi təqdirdə vəzifədən gedəcəyini, dəstəkləyəcəyi halda isə sülh sazişini imzalayacağını deyib.