Ləvğ edilən Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi keçiriləb prosesdə Ramil və Vasif Aslanov qardaşlarının anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 13-nə təyin edilib.
Qeyd edək ki, Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (Qanunsuz azadlıqdan məhrum etmə: bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.