“Azərbaycan vətəndaşları ölkənin növbəti 5 ildəki taleyinə biganə qalmadan seçki məntəqələrinə gələcək və səsvermədə fəal iştirak edəcəklər”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin başlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 140-ə yaxın beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı 52 min yerli müşahidəçi seçkiləri izləyəcək. Bütün proses Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir: “Seçkilərə hazırlıq dövründə MSK şəffaflıq prinsiplərinə əhəmiyyət verib və bütün subyektlərə imkanlar yaradılıb”.
M. Pənahov əlavə edib ki, siyasi plüralizm prinsipləri həyat tərzinə çevrilib: “Bu seçkidə seçici fəallığının daha yüksək olacağını da gözləyirik”.
M. Pənahov yerli KİV-dən xahiş edib ki, beynəlxalq müşahidəçilərin seçki ilə bağlı fikrilərini cəmiyyətə çatdırsın: “Biz bəzi şəxslərə və qurumlara göstərməliyik ki, Azərbaycanda seçkilər hansı demokratik dəyərlərlə keçirilir”.
MSK sədri bir daha xatırladıb ki, seçici siyahısında adı olmayanlar da səsvermədən kənarda qalmayacaqlar: “Bütün seçki məntəqələrində əlavə seçici siyahıları var. Seçicilər vəsiqələrini təqdim etdikdən sonra adları əlavə siyahıya salınacaq, daha sonra onlara bülleten veriləcək və səsvermədə iştirak edəcəklər”.
M. Pənahov seçkinin ilkin nəticələrinin saat 23.00-dək açıqlana biləcəyinə inandığını da qeyd edib: “Əgər seçki məntəqələrinin yarıdan çoxunda nəticələr bəlli olacaqsa, bunu edə biləcəyik”.