Jurnalist Mirşahin Ağayevin dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayev məhkəmə hökmündən apelyasiya şikayəti verib.
Lent.az-ın məlumatına görə, Mirəddin Ağayevin vəkilləri şikayəti Bakı Apelyasiya Məhkəməsinə təqdim edib. Vəkillər Mirəddin Ağayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyiblər. Apelyasiya şikayəti hakim Elşad Şamayevin icraatına verilib.
Qeyd edək ki, Bakı şəhər sakini Qəzənfər Qəzənfərovun Səbail rayon Polis İdarəsinə şikayəti əsasında Mirəddin Ağayev istintaqa cəlb olunub. Şikayətçi Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib. Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra Mirəddin Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb. Mirəddin Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirəddin Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.