Mingəçevir şəhərində fəaliyyət göstərən zavodlardan birinin həyətində bina uçub, xəsarət alanlar var. APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində yerləşən "Azərkabel" zavodunda baş verib.
Zavodun həyətində 1959-cu ildə tikilmiş yardımçı binanın sökülməsi zamanı gözlənilmədən binanın bir hissəsi dağılıb. Binada söküntü işlərini aparan fəhlələrdən 4 nəfər - Goranboy rayon sakinləri 1987-ci il təvəllüdlü Məmmədov Əlixan Məmmədalı oğlu, 1992-ci il təvəllüdlü Müseyibov Vüsal Bəxtiyar oğlu, 1983-cü il təvəllüdlü Mürsəlov Elnur Ələddin oğlu, 1963-cü il təvəllüdlü İsmayılov Əlövsət Sayad oğlu dağıntının altında qalıb. Onlar xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.
Hazırda yaralılardan biri cərrahiyyə şöbəsində əməliyyat olunur, bir nəfər reanimasiya şöbəsindədir. Digər iki nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib. Məlumata görə, əməliyyat olunan və reanimasiyadakı fəhlələrin vəziyyəti çox ağırdır.
Faktla bağlı hadisə yerində araşdırma aparılır