Meyitləri tapılan neftçilər sabah torpağa tapşırılacaq
07 dekabr 2015 20:30 (UTC +04:00)

Meyitləri tapılan neftçilər sabah torpağa tapşırılacaq

 

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılaraq Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu və Xətai rayon şöbələrinə təhvil verilib.

 

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

 

"Saat 20:00-a olan məlumata görə, xilasedicilər tərəfindən tapılan daha 4 neftçinin kimliyi müəyyənləşdirilib. Bunlar 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğludur. Hazırda neftçilərin meyitləri yaxınlarına təhvil verilir. Bundan öncə Tağıyev Fuad Tahir oğlu (23.02.1981) və Mahmudov Ağa İzzət oğlunun (24.03.1968) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə B. Ağarəhimov bildirib.

 

Baş mühəndis əlavə edib ki, mərhumlar sabah torpağa tapşırılacaq.

 

Onun sözlərinə görə, itkin düşmüş digər neftçilərin axtarışları davam edir: "Axtarışlar 7 gəmi ilə aparılır. Səhər açılan kimi, helikopterlər də axtarışlara qoşulacaq".

 

B. Ağarəhimovun sözlərinə görə, yanğını söndürmək hələ də mümkün olmayıb, lakin bu istiqamətdə işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar