Dələduzluqda təqsirləndirilənlər - 1978-ci il təvəllüdlü Adil İbrahimov və 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlunatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslərdən T.Comərdov özünü təqsirli bilmədiyini deyib. A.İbrahimov isə özünü qismən təqsirli bilib. Prosesdə ilkin olaraq zərərçəkmişlər ifadə verib. Zərərçəkmiş Həsən Yaqubov istintaqa verdiyi ifadəni təsdiq edib: "Alim İbrahimova 16 min 800 manat dəyərində qızıl vermişəm. Pulumu hələ də ala bilməmişəm. Ona görə də Alimdən şikayətçiyəm. O, mənim pulumu ödəsə, bununla bağlı qəti qərar verəcəm. Xəstə adamam, hər dəfə məhkəməyə gələ bilmirəm. Buna görə, məhkəməyə gəlmək istəmirəm".
Zərərçəkmiş Hacı Quliyev də təqsirləndirilən A.İbrahimova qızıl verdiyini qeyd edib. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib. Məhkəmə noyabrın 2-də davam edəcək.
Qeyd edək ki, hər iki şəxs Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq etməkdə təqsirli bilinirlər. T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. Zərərçəkmişlərdən biri Feyzulla Qasımov Baku Medical Plazada baş həkimin müavinidir. O, ifadəsində bildirib ki, özünü prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun adamı kimi təqdim edən Alim Əlisahib oğlu İbrahimov adlı şəxs onun dostunun qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürüb və pulunu ödəməyib.