Sabiq məmur ərini qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərova apellyasiya şikayəti verib.
Lent.az-a bu barədə vəkil Abuzər Mütəllimov məlumat verib. Vəkil bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayətdə Xalidə İsgəndərovaya bəraət hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında Nizami rayonu Su Tikinti xəstəxanasının yaxınlığındakı mənzildə baş verib. Uzun müddət onun qatilini tapmaq mümkün olmayıb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsgəndərova 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.