Bu gün sabiq millət vəkili Gülər Əhmədovanın barəsində başlanmış cinayət işi ilə bağlı məhkəmə prosesində növbəti iclas keçirildi. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən proses məhkəmə istintaqı davam etdirilib.
Gülər Əhmədovanın məhkəməsində jurnalistlər və sabiq deputatın qohumları yenə çox ciddi şəkildə yoxlanırdılar. Məhkəməni izləyən şəxslərin zala telefon, diktofon, kamera kimi vasitələri keçirməməsi üçün bu dəfə detektordan istifadə edilirdi. Gülər Əhmədova isə məhkəməyə əvvəlki qiyafədə gəlmişdi. İclas yarım saat gecikmə ilə başladı.
Gülər Əhmədova: “Vəzifəli şəxslərin bu işə aidiyyatı yoxdur”
İclas başlar-başlamaz Gülər Əhmədova ayağa qalxaraq hakimdən bir neçə dəqiqəlik çıxış üçün vaxt istədi. Hakim Ə.Osmanov sabiq deputata mane olmadı. Gülər Əhmədova üzünü jurnalistlərə tutub bildirdi ki, bütün bu proseslər və onun həbsdə olması bir qrup şəxsin yalanları əsasında baş tutub: “Mənim adımdan elə danışırlar ki, sanki mən ölmüşəm, ölmüş adamın adından danışırlar. Mən bu gün birdəfəlik açıqlama verirəm. Bu işdə heç bir mandat alverindən söhbət getməyib. Azərbaycanda heç bir vəzifəli şəxsin bu işə aidiyyatı yoxdur. Elşad Abdullayev özü boyda bir yalandır. Sizdən acizanə və təkidlə xahiş edirəm. Nə qədər olar bu yalanlar? Bacısı oğlu Azad Mürsəliyev bura gələndə dedi ki, danışıram Elşadla. Ona dedim ki, dayısından videoların əslini göndərməsini istəsin mənim adımdan. İndi isə çıxıb deyir ki, Elşadla danışmamışam. Yalandır! Çünki videoların əslini üzə çıxarmaqdan qorxurlar. Elşadın əməllərinə görə intihar edən qadınlar var, şikəst olanlar, küçələrə düşənlər var. Onun əməllərindən zərərçəkənlərin sayı 5 min nəfəri keçib. Sevincin ölümündə də birbaşa günahkar odur. Sevinci qorxudublar, bu kadrlar qorxu altında çəkilib. Burda üzə çıxmasa da, tarix bunu üzə çıxaracaq. Adil İsmayılov vasitəsi ilə Ayxanı öyrədirlər ki, burda belə ifadə versin. Burda vəzifəli şəxslərin adları çəkilsin. Görəcəksiniz, nə vaxtsa mən burdan çıxanda Fransaya gedib, onu məhkəməyə verib tutduracam. Mən heç vaxt Adil İsmayılovun şantajlarına baş əyməmişəm, baş əyməyəcəm də. Adil İsmayılovun əlacı olsaydı, gəlib burda Ayxanın yerinə danışardı. Mən bundan sonra Elşad Abdullayevin qurbanları ilə bağlı məlumatları bir-bir KİV-ə ötürəcəyəm. Çalışırdım sakit olum, amma daha dözə bilmirəm. Bu gün Ayxanı maliyyələşdirirlər ki, burda belə danışsın. Mən Elşad Abdullayevin maskasını cırıb onu bu millətə göstərəcəm. Mən Sevinc deyiləm, qorxaq deyiləm, mən ölməyəcəm”.
G.Əhmədova jurnalistlərə iradını da ifadə etdi. O bildirdi ki, bəzi KİV-lər məhkəmədə deyilən sözləri, sual-cavabları ardıcıl və olduğu kimi yaymırlar. Jurnalistlər isə prosesin açıq keçirilməsinə baxmayaraq iclasın keçirildiyi zala diktofonun buraxılmadığını və buna görə əziyyət çəkdiklərini dedilər.
Şahid: “...mənimlə isti münasibət qurmaq istəyir”
Daha sonra prosesdə Sevinc Babayevanın tanışı Elmir Bağırov ifadə verdi. E.Bağırov bildirdi ki, Sevinc Babayeva ilə 2008-ci ildə tanış olub: “Onu ilk dəfə Dövlət İdarəçilik Akademiyasında gördüm. Bir il yarım münasibətimiz oldu. Sonra bildim ki, akademiyadan çıxıb və Xətai rayonunda məktəb direktoru işləyir. Arada məndən müəyyən xahişlər edirdi. Mən isə bunları qətiyyətlə rədd edirdim”.
İttihamçı-prokuror Eldar Həmzəyev və Gülər Əhmədovanın vəkili Əfsər Talıbov E.Bağırovun ifadəsində müəyyən ziddiyyətlərin və aydınlaşdırılmalı məqamların olduğunu əsas gətirərək şahidin ibtidai istintaqa verdiyi ifadənin oxunmasını xahiş etdi. Yazılı ifadədən məlum oldu ki, S.Babayeva E.Bağırovdan çoxsaylı xahişlər edib: “Hiss edirdim ki, mənimlə isti münasibətlər qurmağa çalışır. Mən isə buna imkan vermirdim. O məndən istifadə etməyə çalışırdı”.
E.Bağırov Gülər Əhmədovanı bir dəfə, uşaq hüquqları ilə bağlı layihəni təqdim edərkən gördüyünü də qeyd edib. Həmçinin ibtidai istintaq zamanı E.Bağırovla S.Babayeva arasındakı sms yazışmaları da oxunub. Buradan məlum olub ki, bir çox məsələlərlə bağlı onlar arasında mütəmadi yazışmalar olurmuş. Bir dəfə S.Babayeva E.Bağırovdan müğənni Elnurun onun təşkil etdiyi tədbirlərdə pulsuz oxumasını xahiş etdiyi də üzə çıxıb. Sms-lərdən birinin sonunda isə S.Babayeva E.Bağırova “öpürəm” yazıb.
E.Bağırov istintaqa verdiyi ifadəni bütünlüklə təsdiq etdi. G.Əhmədova isə şahidə sual vermək istəmədiyini dedi: “Mən daha çox şey demək istəmirəm. Sevincin sənin barəndə mənə dediklərini söyləsəm, sən şahiddən şəhidə çevriləcəksən”. Bu yerdə hakim Əlisultan Osmanov gülümsəyərək müdaxilə etdi: “Mesajlarından da hiss olunur ki, çox isti münasibətləri olub”.
“Gülər Əhmədova onu aradan götürmək istəyir”
Daha sonra Sevinc Babayevanın bacısı Vəfa Babayeva ifadə verdi. O da bacısı Təranə Səfərova və daha öncə məhkəmədə çıxış edən xalası ilə oxşar ifadə verdi. Şahid bildirdi ki, Sevinc Babayeva keçən ilin yayında Bakıda restoranda zəhərləndikdən sonra ay yarım onun yanında qalıb. V.Babayeva bacısının zəhərlənməsindən sonra xəstəxanalara müraciət etməsi, müalicəsi və sair barədə danışdı. O daha sonra bacısının yanında qalarkən gördüklərini və eşitdiklərini söylədi: “Sevinc qorxurdu, deyirdi ki, onu öldürəcəklər. Axşamlar evdə işığı yandırmağa, televizorun səsini artırmağa imkan vermirdi. Evdə şam işığında otururdu. Tez-tez mənə deyirdi ki, gözlükdən bax gör, kimsə yoxdur? Öz-özünə danışırdı, deyirdi ki, danışsam, məni öldürəcəklər. Bizə danışmaqdan da qorxurdu. Sevinc bizə deyirdi ki, Elşad Abdullayevdən pul almaq məsələsində yeganə şahid o olduğu üçün, Gülər Əhmədova onunla barışmaq və aradan götürmək istəyir. Keçən ilin sentyabr ayının ikisində onun telefonuna uzun bir nömrədən zəng gəldi, götürdüm bir kişi idi. Sevinci istədi. Sevincdən pulun taleyini soruşdu. Sevincə də ona cavab verdi ki, Gülər xanımla danışmışam. Sonra Türkiyəyə müalicəyə getdi. Telefonla özü zəng edib danışırdı bizimlə. Həmişə də deyirdi ki, Gülər xanım nə vaxt desə onda qayıdacağam. Telefonda həmişə deyirdi ki, mənim arxamda Gülər durub. O, toxunulmaz şəxsdir. Ona heç kim, heç nə edə bilməz. Sevinc Türkiyədə olanda video haqqında danışmağa və onun adını çəkməyə qoymurdu. Sevinc Türkiyədə olanda anam Gülərə zəng elədi ki, Sevincin axırı necə olacaq? Gülər də dedi ki, Sevinci müalicəyə göndərib, etibarlı əllərdədir”.
Daha sonra şahidə G. Əhmədova sual ünvanladı: “Vəfa, bizdə olanda dediniz ki, keşişə baxdırmısınız. Deyib ki, Sevinci zəhərləyiblər, 6 ay ömrü qalıb. Mən də israrla soruşdum ki, kim zəhərləyib? Hətta dedim ki, mən də baxdırmaq istəyərəm, görüm mənə nə deyər. Niyə onda demirdiniz, bu sözləri? Niyə Sevinc öləndən sonra Ayxan çıxıb deyir ki, anamı Gülər zəhərləyib?"
V. Babayeva keşişin yanına getmələrini təsdiqlədi. Keçən iclasda şahid qismində çıxış edən S.Babayevanın digər bacısı Təranə Səfərova isə Sevinc Babayevanın zəhərlənməsi və 6 ay ömrünün qalmasını onlara Qalib adlı həkimin dediyini bildirmişdi.
Qeyd edim ki, Sevinc Babayevanın digər yaxınlarına nisbətən Vəfa Babayeva məhkəmə salonunda özünü daha sakit və təmkinli aparırdı.
Elşad Abdullayevin qayınatası: O mənim hesabıma yaşayıb
Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Rüxsarə Axundova isə Gülər Əhmədovanın rəfiqəsi, Respublika Uşaq Təşkilatında sabiq deputatın müavini olduğunu bildirdi. O, Sevinc Babayeva və Gülər Əhmədova arasındakı münasibətlərdən xəbərdar olmadığını bildirdi: “Sevinclə mənim münasibətim yox idi, bir neçə dəfə Gülər xanımın yanına gedib-gələndə görmüşdüm. Bir dəfə ağlaya-ağlaya gəldi ki, Gülər xanımdan xahiş edəcək ki, onu harasa işə düzəltsin, oğlu böyüyüb”.
R.Axundova S.Babayeva ilə G.Əhmədovanın Elşad Abdullayevdən pul alması barədə verilən suala “xəbərim yoxdur” deyə cavab verdi.
Günorta fasiləsindən sonra şahidlərdən məhkəməyə yalnız, Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədov gəlmişdi. O bildirdi ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir: “Mənim ölkədən çıxışıma qadağa, bank hesabıma həbs qoyulub, kitabxanamı möhürləyiblər. Elşadı tapa bilmirlər, əvəzini bizdən çıxırlar. Elşad Abdullayev mənim hesabıma yaşayıb, mən onun hesabına yox... Videoçəkiliş aparılan ofis mənim adıma olsa da, mənim o ofislə heç bir əlaqəm olmayıb. Elşad Abdullayev yaramazın biridir”.
Gülər Əhmədova Elşad Abdullayevin qayınatasına sual verdi ki, nə üçün onu bu cür əməllərdən çəkindirməyib. H. Əhmədov isə E.Abdullayevin qohumlarının buna imkan vermədiyini, Elşad Abdullayevin ona qulaq asmadığını dedi.
Daha sonra prosesdə G. Əhmədovanın vəkili Əfsər Talıbov vəsatət qaldırdı. Vəkil bildirdi ki, prosesdə dindirilən şahidlərin verdiyi ifadələrlə istintaqa verdiyi ifadələr arasında xeyli ziddiyyətlər var. O, müstəntiq Emzar Qocayev istintaqı bərbad apardığı üçün prosesdə suallara cavab verməsini istədi. Lakin məhkəmə vəsatət təmin edilmədi.
Proses noyabrın 14-də davam etdiriləcək.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
http://news.lent.az/news/144220
http://news.lent.az/news/144591